Qubadlıda ermənilərin helikopteri necə vurulmuşdu?..

Ötən əsrdə Qubadlı dəfələrlə erməni silahlı dəstələrinin hücumuna məruz qalıb. 1905-1906, 1918-1920-ci illərdə Zəngəzurla birlikdə Qubadlının da kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Lakin bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, hər dəfə işğalçı ermənilər torpaqlarımızdan qovulub, yurd yerlərimiz bərpa edilib.  1988-ci ildən başlayan erməni terroruna qarşı da qubadlılar uzun müddət mərdliklə mübarizə aparıblar.

O ağır dövrdə ilk vaxtlar, torpaqlarımız, əsasən, könüllü müdafiə dəstələri və bir də daxili işlər orqanlarının fədakar əməkdaşları tərəfindən qorunurdu. Əvvəlcədən onu qeyd edim ki, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə Qubadlı Rayon Polis Şöbəsinin 12 nəfər əməkdaşı şəhid olub, Onlardan 2 nəfəri “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. Bir neçə polis nəfəri orden və medallarla təltif edilib.

Bu günlərdə Qubadlı rayon polis şöbəsinin keçmiş əməkdaşı Qarabağ müharibəsi veteranı, III qrup əlil Zülfəli Əzizov redaksiyamızın qonağı oldu. O, torpaqlarımızın düşmən təcavüzündən qorunması uğrunda qəhrəmanlıqla döyüşüb və Füzulidə gedən döyüşlər zamanı ağır yaralanıb. 

Zülfəli Əzizov 1965-ci ildə Qubadlı ra­yo­nunun Mahmudlu kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirib. 1983-1985-ci illərdə həqiqi hərbi xidmət vəzifəsini yerinə yetirib. 1986-cı ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub, 1987-ci ildə oranı bitirib. 1987-ci ildən 1990-cı ilə kimi Qubadlı rayonundakı 21 saylı səyyar-mexanikləşdirilmiş dəstədə dispetçer işləyib. 1990-cı ildən 2005-ci ilə kimi Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşı olub. Hazırda məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb.

- Qubadlı 26 ildir işğal altındadır. Mən hər dəfə o illəri, şahidi və iştirakçısı olduğum o hadisələri, düşmənə qarşı mübarizə və mücadiləmizi xatırlayanda, sözün həqiqi mənasında, çox sarsılıram və öz-özümə sual verirəm ki, axı niyə bu mübarizədə uduzduq?..

- Bir döyüşçü kimi bu suala cavab vermək çox çətindir. Bizim gəncliyimiz müharibə illərinə təsadüf etdi. İstər polis işçiləri, istərsə də yerli gənclər birlikdə düşmənə qarşı mübarizə aparırdıq. Gecəmiz-gündüzümüz yox idi. Hər an hücum etməyə cəhd göstərən düşmənə gözünü açmağa imkan verməməyə çalışırdıq. Amma biz silahsız idik, köməksiz idik, onlar avtomatla atəş açanda biz qoşalülə ilə cavab verirdik. Qubadlını rayon polisi qoruyurdu.

Bir hadisəni xatırlamaq istərdim. Ermənilər dinc durmurdular, Novlu kəndindən bir nəfər orta yaşlı kişini girov götürmüşdülər. Rayon polis şöbəsinin rəisi Nadir Hüseynov tapşırıq verdi ki, onu qurtarmaq üçün ermənilərdən bir nəfər girov görtürülməlidir. Tapşırığı yerinə yetirmək üçün yaradılan əməliyyat qrupuna məni də daxil etdilər. Meşəlik ərazidə ermənilərin gizləndiklərindən xəbərdar idik. Oradan fürsət düşdükcə bizə hücum edirdilər. Biz meşədə xeyli axtarış apardıqdan sonra 3 ermənini yaxalayıb gətirdik polis şöbəsinə... Girov götürülmüş həmyerlimizi bir həftə sonra bu ermənilərlə dəyişdik.

Xatirimdə qalan bir hadisəni də danışmaq istərdim. Nadir Hüseynov ratsiya ilə xəbər verdi ki, ermənilər Laləzar körpüsü tərəfdən hücum ediblər. Hamımız bir nəfər kimi hadisə yeriə yollandıq. Uzaqdan baxdıq ki, üç nəfər erməni Laləzar körpüsündən yuxarıda qayanın altındakı kahadadırlar. Ora elə bir yer idi ki, nə qədər avtomatla atəş açılsa da, qayaya təsir eləmirdi. Ermənilər məhz bunu bildikləri üçün orda gizlənmişdilər. Mən vaxtilə rayonumuzdakı rus hərbçilərdən AQS markalı qumbaraatan əldə eləmişdim və həmişə də maşında gəzdirirdim. Nadir Hüseynov dedi ki, o silahı gətir, görək, işlədə bilirikmi?.. Gətirdim quraşdırdıq, üçayaqlı silah idi, atəş açdıq, mərmilərdən ikisi yayınsa da, biri mağaranın içinə düşdü. Onu da deyim ki, bu silahın mərmisi düşüb partladığı yerdə 7 metr radius ərazidə nə varsa, hamısını məhv edir. Ermənilərin üçü də həmin anda ölmüşdü. Aralarında Karen adlı biri vardı, ermənilərin qəhrəmanı sayılırdı. Gorus rayonunun polis rəisi Mişa Maqratoviçin bacısı oğlu idi. Yəni meyiti belə onlar üçün dəyərli idi. Ermənilərin girov götürdüyü 30 nəfər sağ Xocalı sakini ilə həmin erməni meyitini dəyişdik.  

  - Qubadlı səmasında 24 iyun 1992-ci ildə döyüşçülərimiz tərəfindən vurularaq yerə salınmış helikopterlə bağlı nə deyə bilərsiniz? Bildiyimə görə, Siz də bu hadisənin şahidi olmusunuz...

- Dağlarda yaxşı maşın sürdüyümə görə şöbə rəisimiz ən çətin yerlərə həmişə mənimlə gedirdi. Həmin gün də hadisə yerinə birlikdə getdik.  24 iyun 1992-ci ildə zərərsizləşdirilmiş ermənilərə məxsus Mİ-8 xilasedici helikopteri və digər iki Mİ-24 döyüş helikopteri Azərbaycan hərb­çilər tərəfindən vurularaq yerə salınmışdı.

Hərbi helikopterlər döyüşə gedərkən iki Mİ-24 öndə, bir Mİ-8 isə arxada uçurdu. Həmin gün helikopterlərdə xüsusi təlim görmüş 9-11 nəfərlik bir manqa, iki sanitar təlimatçı və bir həkim olub. Əsgərlərimizin güclü və dəqiq atəşinə məruz qalan öndəki iki vertalyot ilk dəqiqələrdə vurulsalar da, xilasedici Mİ-8 vertalyotu yüksəkliyə qalxaraq salamat qala bilmişdi. Mİ-8-in ekipajı vurulan hər iki Mİ-24-ün zədəli vəziyyətdə bizim mövqelərdən aralı, Bərgüşad çayının sahilinə endiyini görmüşdü. Həmin helikopter çayın sahilindəki helikopterlərin ekipajını götü­rüb Ermənistana uçarkən bizim “Oğuz” postunun əsgərləri tərəfindən vurulmuş, səhrəddə yerləşən Eyvazlı kəndi yaxınlığında partlamışdı. Hadisə ilə bağlı Bakıya xəbər verilmişdi. Bütün nazirlik orda idi. Bakıdan gələn pilotlarımız helikopterin üstünə Qubadlı yazıb apardılar.

Ərazisi işğal edilmiş digər rayonlar kimi, Qubadlı əhalisi də torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə inanır. Çünki bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sosial-iqtisadi, siyasi, hərbi gücüylə dünya dövlətləri tərəfindən tanınır və dəstəklənir.

Cənab Ali Baş Komandanın ordumuzun Aprel qələbəsi haqqında söylədiyi fikirlər də bunu təsdiqləyir: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüş onu göstərir ki, Azərbay­can xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Dövlətin diqqət və qayğısı ilə əhatə olunan Qarabağ müharibəsi əlili kimi müzəffər ordumuzun gücünə inanıram. Dövlətimizin başçısının daxili və xarici siyasəti, atdığı uğurlu addımlar məndə bu inamı yaradıb.

Söhbəti yazdı:

Tahirə AĞAMİRZƏ